Gənə Sancması: Təcili Tibbi Yanaşma

Gənə Sancması: Təcili Tibbi Yanaşma

TeamMed Təcili Yardım

Gənələr haqqında

Gənələr Ixodida altdəstəsinə aid, qanla qidalanan artropodlardır. Uçmur və tullanmırlar. İnsan və heyvanlara yapışaraq qan sorur və bu zaman müxtəlif virus, bakteriya və parazitləri ötürə bilirlər.

Gənələrin ötürə bildiyi mühüm xəstəliklərə Kırım-Konqo Hemorragik Qızdırması (KKHQ), Laym xəstəliyi, tulyaremiya, babezioz, Q qızdırması və bəzi riketsiozlar daxildir.

Azərbaycanda gənə sancmasından sonra xüsusi diqqət tələb edən xəstəliklərdən biri Kırım-Konqo Hemorragik Qızdırmasıdır.

Kırım-Konqo Hemorragik Qızdırması

KKHQ yüksək ağırlaşma və ölüm riski daşıya bilən virus mənşəli zoonoz infeksiyadır. Əsas vektorlardan biri Hyalomma cinsinə aid gənələrdir.

İnsan aşağıdakı yollarla yoluxa bilər:

  • yoluxmuş gənənin sancması;
  • gənənin çılpaq əllə əzilməsi;
  • yoluxmuş heyvanın qan və toxumaları ilə qorunmasız təmas;
  • KKHQ xəstəsinin qan və digər bioloji mayeləri ilə təmas.

Əsas əlamətlər

Gənə ilə təmasdan sonrakı günlərdə aşağıdakı əlamətlərə diqqət edilməlidir:

  • qəfil yüksələn hərarət;
  • titrəmə;
  • güclü baş ağrısı;
  • əzələ, bel və oynaq ağrıları;
  • halsızlıq;
  • ürəkbulanma və qusma;
  • qarın ağrısı və bəzən diareya.

Ağır hallarda petexiyalar, göyərmələr, burun və diş əti qanaması, mədə-bağırsaq və digər daxili qanamalar inkişaf edə bilər. Qaraciyər, böyrək, ağciyər, ürək və mərkəzi sinir sistemi zədələnməsi ağır gedişin göstəricisidir.

Diaqnostika

KKHQ şübhəsi olduqda əsas laborator müayinələrə:

  • PCR ilə viral RNT-nin aşkarlanması;
  • ELISA ilə spesifik anticisimlərin müəyyənləşdirilməsi;
  • ümumi qan analizi;
  • qaraciyər fermentləri;
  • koaqulyasiya göstəriciləri daxildir.

Xəstələrdə xüsusilə trombositopeniya, leykopeniya, AST və ALT yüksəlməsi və koaqulyasiya pozğunluqları müşahidə oluna bilər.

Müalicə

KKHQ şübhəsi olan xəstə təcili şəkildə ixtisaslaşmış səhiyyə müəssisəsində qiymətləndirilməlidir. Müalicənin əsasını klinik vəziyyətə uyğun dəstəkləyici terapiya təşkil edir:

  • maye-elektrolit balansının qorunması;
  • hərarət və ağrının idarə olunması;
  • qanama və koaqulyasiya pozğunluqlarının korreksiyası;
  • ehtiyac olduqda trombosit, plazma və eritrosit preparatlarının tətbiqi;
  • orqan çatışmazlığı zamanı intensiv dəstək.

Qanama riskinə görə aspirin və trombosit funksiyasını poza bilən preparatlardan həkim göstərişi olmadan istifadə edilməməlidir.

Gənə necə düzgün çıxarılmalıdır?

Gənə aşkar edildikdə mümkün qədər tez çıxarılmalıdır.

  1. Gənənin üzərinə yağ, spirt, benzin və digər maddələr tökməyin, alov tətbiq etməyin.
  2. İncə uclu pensdən istifadə edin.
  3. Gənəni dərinin səthinə mümkün qədər yaxın, ağız aparatına yaxın hissədən tutun.
  4. Sabit və kontrollu şəkildə yuxarı çəkin. Gənəni əzməməyə çalışın.
  5. Çıxarıldıqdan sonra əlləri və sancma nahiyəsini təmizləyin.

Gənəni çılpaq əllə əzmək olmaz.

Sancmadan sonra nə etməli?

Gənə çıxarıldıqdan sonra bütün bədən yoxlanılmalıdır. Şəxs növbəti 14 gün ərzində sağlamlıq vəziyyətini müşahidə etməlidir.

Bu müddətdə hərarət, güclü halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, göyərmə, səpgi və ya qanama yaranarsa, gənə ilə təmas barədə məlumat verərək dərhal səhiyyə müəssisəsinə müraciət edilməlidir.

Gənə sancmasından qorunma

  • Otlu və kolluq ərazilərdə qapalı geyim istifadə edin.
  • Şalvarın balaqlarını corabın içinə salmaq əlavə qoruma yarada bilər.
  • Uyğun gənə repellentlərindən istifadə edin.
  • Təbiətdən qayıtdıqdan sonra bədəni və geyimləri diqqətlə yoxlayın.
  • Uşaqları və ev heyvanlarını da gənə baxımından müayinə edin.
  • Heyvanlarda gənə nəzarəti üçün baytar məsləhəti ilə uyğun akarisid vasitələrdən istifadə edin.

Yadda saxlayın

Gənəni erkən aşkar etmək, düzgün çıxarmaq və sonrakı günlərdə simptomları izləmək vacibdir.

Bu material ümumi tibbi məlumatlandırma məqsədi daşıyır. Gənə sancması və ya şübhəli simptomlar zamanı səhiyyə müəssisəsinə müraciət edin.

TeamMed Təcili Yardım
www.teamfirstaid.com